Son günlər Azərbaycan cəmiyyəti Azərbaycan elminin inkişafı, bu sahədə elmi yeniliklərin deyil, Akademiya sistemində baş verən böhran, qalmaqal və ittihamları müzakirəsinin şahidinə çevrilib.

Bir çox Azərbaycan ziyalıları bu elm məbədində baş verən xoşagəlməz hadisələrlə bağlı fikir və narahatlıqlarını bildirir, Akademiya rəhbərliyinin istefasının zəruriliyini qeyd edirlər.

Bütün bunların fonunda dünən AMEA mediada açıqlama yayaraq bir sıra tanınmış Azərbaycan alimlərini hədəfə aldı, hakimiyyətin əsas qollarından biri olan Milli Məclisin və bir sıra deputatların ünvanlarına sərt ittihamlar səsləndirdi.

Heç şübhəsiz ki, Milli Məclisin və Azərbaycanın tanınmış ziyalılarının ünvanına belə ittihamların və təhdidlərin səsləndirilməsi qəbuledilməzdir.

Prosesin təhlili göstərir ki, artıq Akademiya sistemində elmi mühit və işgüzar münasibətlər ciddi zədələnib. Bu şəraitdə hansısa uğura, elmi yeniliyə nail olmaq mümkünsüz görsənir. Hazırkı rəhbərliklə kollektiv arasında münasibətlər hamar olmadığından və korlandığından ciddi qərarların qəbul edilməsi zəruridir.

AMEA-nın hazırkı prezidenti Akademik Ramiz Mehdiyev Azərbaycanın dövlət idarəçiliyndə ən zəngin təcrübəyə malik şəxslərdən biridir. Onun həyat təcrübəsi belə mühitdə işləməyin mümkünsüz olduğunu müəyyənləşdirməyə kifayət qədər imkan verir.

İstefa baş vermədikcə Azərbaycanın bu elm məbədində qarşıdurma və qarşılıqlı ittihamlar daha da dərinləşəcək, Akademiya sistemində böhran davam edəcək. Bu prosesin uzun müddət davam etməməsi üçün bu addımın atılması zamanın tələbidir.

 

Bənzər yazılar