Prezident İlham Əliyev Nərimanov, Nizami, Kürdəmir rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edərkən bütün məmurlara bir daha ciddi xəbərdarlıq etdi. Hamının qanun qarşısında bərabər olduğunu bildirdi. Dövlət məmurlarını qanunazidd əməllərdən uzaq olmağa, vətəndaşlara diqqət və qayğı ilə yanaşmağa çağırdı.

Prezident İlham Əliyev dəfələrlə yeni vəzifə təyinatları zamanı dövlət məmurlarına ciddi xəbərdarlıqlar edib. Təəssüf ki, bəzi məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmadılar və əvvəlki əməllərinə davam etdilər. Nəticədə bir neçə icra başçısı həbs olundu.

Təəssüf ki, bu gün də bir sıra rayonlarda icra hakimiyyətlərindən narazılıqlar var. Hələ də bəzi icra başçıları vətəndaşlarla münasibəti düzgün qurmur, kabinetdən çıxmır, özlərini kiçik padşah kimi aparırlar. Bu da cəmiyyətdə haqlı olaraq narazılıq yaradır. Bütün icra hakimiyyəti başçıları öz vəzifələrini məsuliyyət və vicdanla yerinə yetirsələr, zaman-zaman icra hakimiyyətləri qarşısında vətəndaş özünü yandırmaz və ya mitinq keçirməzdi.

Vəzifə imtiyaz və ya üstünlük deyil, yüksək etimad və məsuliyyət deməkdir. Prezident İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, yüksək etimad göstərilən hər bir dövlət məmuru məsuliyyətini dərk etməli, xalqın qulluqçusu olmalı, xəyanət etməməli, vəzifəsindən irəli gələn öhdəlikləri vicdanla və ləyaqətlə yerinə yetirməli, vətəndaşlarla münasibəti düzgün qurmalı, onlarla daimi əlaqədə olmalı, problemlərinə həssas,  yüksək diqqət və qayğı ilə yanaşmalıdır.

Vətən müharibəsində şanlı qələbəmizdən sonra bölgədə yeni siyasi və iqtisadi reallıq yaranıb. Dövlətimiz yeni mərhələyə qədəm qoyub. Qarşıda bizi böyük quruculuq işləri gözləyir. Dövlətçiliyimizi, müstəqilliyimizi, qələbəmizi daha da möhkəmləndirmək.

Hazırda ölkəmizdə kadr islahatları uğurla həyata keçirilir. Son aylar bir çox sahələrə yeni gənc kadrlar təyin olunub. Kadr təyinatında bilik və bacarıqlara xüsusi önəm verilir. Bütün bu addımlar ölkəmizin inkişaf və tərqqisinə öz ciddi töhfəsini verəcək.

Bənzər yazılar