Bu il bir çox azərbaycanlı abituriyent dünya üzrə reytinqli universitetlərə qəbul alaraq bütün Azərbaycanı qürurlandırır. Onlardan biri də Nəriman Şirinlidir. Türkiyənin Koç Universiteti, dünya reytinqində 41-ci yerdə olan Cənubi Koreyanın Qabaqcıl Elm və Texnologiya İnistitutu və dünya üzrə ən yaxşı 11-ci, kimya mühəndisliyi fakültəsi üzrə isə 3-cü yerdə olan  Sinqapur Milli Universitetinə qəbul alan Nəriman Bakıvaxtı.az-ın müsahibəsi.Sinqapur Dövlət Universitetindən qəbul xəbərinin gəlməsi gözlənilməz oldu

 Universitetə qəbul xəbərini aldıqda nə hisslər keçirdiniz?

– Təbii ki, sevinc hissi keçirdim, çünki insan hər hansı bir şey üçün çox əziyyət çəkirsə, bəhrəsini gördükdə keçirdiyi hisslər əvəzolunmazdır. Mən də 7-ci sinifdən bir çox respublika və beynəlxalq miqyaslı olimpiadalara qatılıb medallar qazanmışam. Olimpiada karyeramda çəkdiyim əziyyətlərin bəhrəsini medallarla görürdüm, medalların da bəhrəsini universitetdən qəbul xəbəri alanda gördüm.

– Qəbulu gözləyirdiniz?

– Açığı, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnistitutuna sənədlərimi göndərəndə bir gözləntim var idi. Çünki bu inistitut beynəlxalq olimpiada medallarına xüsusi önəm verirdi. Mən də 7-ci sinifdən respublika və beynəlxalq miqyaslı olimpiadalara qatılıram, 5 respublika və 4 beynəlxalq olimpiada qalibiyəm. Bundan əlavə, SAT və İELTS balları var. Hər bir universitetin bunlara qarşı xüsusi tələbləri var və qəbul aldığım kimi top universitetlərin tələbləri digərləri ilə müqayisədə daha yuxarıdır. Lakin son bir ildə çalışıb tələb olunan balları yığdığım üçün əlimdə sertifikatlarım da var idi. Hər nə qədər Koreya inistitutu illik cəmi 80 nəfəri təqaüdlə qəbul etsə də, mən medallarımın qəbul xəbərini gətirəcəyinə inanırdım.

Ancaq gözləmədiyim xəbər Sinqapur Dövlət Universitetindən gəldi. Bu universitet sənədlərini göndərən tələbələrin cəmi 5%-ni qəbul edir. Bu, kifayət qədər kiçik rəqəmdir və onu göstərir ki, oradakı qəbul prosesi çox rəqabətli olur. Mən əvvəldən də bilirdim ki, ora əvvəlki illərdə sənəd göndərən beynəlxalq olimpiada qaliblərinə rədd cavabı gəlib. Ona görə, mənə qəbul xəbərinin gəlməsi, həqiqətən, gözlənilməz oldu.

Kimyaya olan marağım məni olimpiadalarda iştirak etməyə sövq etdi

– Hazırlaşdığınız fənlər və ixtisas üzrə hardan maraq yarandı?

– Uşaqlıqdan bəri sağlam rəqabət mühitində öz biliyimi sınamaq üçün çalışmışam. 7-ci sinifdə respublika fənn müsabiqəsi haqqında eşidəndə dedim ki, mən də qatılmalıyam. Bildiyiniz kimi, kimya fənni ilk dəfə 7-ci sinifdə tədris olunur, elə ilk ildən fənni çox sevməyə başlamışdım. Ona görə də, dedim ki, bu fənlə qatılmalıyam. Həmin müsabiqədə gümüş medala layiq görüldüm və olimpiada karyeramı davam etdirmək istədim. Nəticədə, 8-ci sinifdə çox çalışaraq 9-cu siniflər arasında keçirilən respublika fənn olimpiadasında qızıl medala layiq görüldüm. Bunun özü mənim üçün kifayət qədər böyük bir uğur idi, çünki özümdən bir yaş böyüklərlə rəqabət aparmışdım. 9-cu sinifdə də respublika fənn olimpiadasında qızıl medala layiq görüldüm. Respublika fənn  olimpiadalarından medal aldıqca məndə özümü beynəlxalq arenada da sınamaq istəyi baş qaldırdı və 10-cu sinfin əvvəllərində beynəlxalq fənn olimpiadaları üçün komanda seçim imtahanlarına girməyə başladım. 10-cu sinifdə ilk dəfə beynəlxalq fənn olimpiadasında iştirak etdim və Azərbaycanı beynəlxalq meqapolislər olimpiadasında bürünc medal udaraq təmsil etdim. Daha sonra da iki olimpiadada bürünc medallar qazandım. Azərbaycan hər il ümumilikdə üç kimya olimpiadasına qatılır, 10-cu sinifdə hər üç olimpiadaya qatılaraq bürünc medallar qazandım. Bundan əlavə, 10-cu sinifdə yenə respublika olimpiadasında qızıl medala layiq görüldüm. Beləliklə, 11-ci sinifdə yenə meqapolislər olimpiadasına qatıldım və gümüş medala layiq görüldüm.

Özümüzün xüsusi marağımız olmasa, heç vaxt bu olimpiadalara hazırlaşa bilmərik, çünki, bu, çox böyük bir əziyyət, saatlarla dərs çalışmaq, bir məsələnin üzərində baş sındırmaq tələb edir. Mənim kimyaya həqiqətən marağım olmasa idi, bu olimpiadalarda iştirak etməzdim. Düşünürəm ki, kimyaya olan marağım məni olimpiadalarda iştirak etməyə sövq etdi. Universitetə qəbul zamanı da, medallarımın çox böyük rolu oldu.

– Neçə ildir hazırlaşırsınız?

– Sırf universitetə qəbul prosesinə 10-cu sinifin avqust ayından başladım. Universitetlərə qəbul zamanı təkcə olimpiada medalları bəs etmir, bundan əlavə, SAT və İELTS kimi dil biliyi imtahanları tələb olunur. 10-cu sinfin avqust ayından etibarən, çox qısa bir müddətdə SAT imtahanından 1470, İELTS-dən isə 8 bal yığdım. Qəbul prosesində bunların da xüsusi rolu oldu.

Hazırlıqlarda mənə kimyaya olan sevgim və çəkdiyim zəhmət kömək oldu

– Hazırlıq müddətinizdə belə böyük bir uğuru qazanmaq üçün hansı dərs oxumaq metodlarından istifadə edirdiniz?

– Düşünürəm ki, hədəfə çatmaq üçün insana lazım olan iki şey var: əmək və sevgi. Həm olimpiadalar, həm də universitetə qəbul üçün hazırlaşan zaman mənə əsas kömək edən kimya fənninə qarşı olan sevgim və çəkdiyim zəhmət oldu. Bəlkə də, gülməli gələ bilər, amma çəkdiyim əziyyəti belə izah edə bilərəm: bilmədiyim dillərdə beynəlxalq kimya olimpiadalarına hazırlaşarkən xarici ölkələrin respublika olimpiadalırını “Google translate” vasitəsilə tərcümə edib özüm işləməyə çalışmışam. Çünki o dilləri bilmirdim, proqram da hərfi tərcümə etdiyi üçün çətinlik yaranırdı. Amma bu çətinlik məni yoldan çıxara bilmirdi, hədəfimə doğru əmin addımlarla irəliləyirdim.

– Gələcəkdə təhsilinizi hansı yöndə davam etdirmək fikriniz var?

– Gələcəkdə təhsilimi davam etdirmək üçün ağlımda konkret ixtisas və ya universitet yoxdur. Kimya üzrə olimpiadalara hazırlaşdığım ilk gündən düşüncəm odur ki, təhsilimi bakalavr səviyyəsində yekunlaşdırmayıb magistr və daha yüksək pillərlərdə davam etdirim. Lakin ağlımda konkret ixtisas və sahə yoxdur. Çünki gedəcəyim universitetdə müxtəlif proqramlarla tanış olacam və bu proqramlardan istifadə edərək təhsilimi gedəcəyim və ya başqa universitetlərdə magistr və daha yüksək səviyyələrdə davam etdirəcəm.

Üzvi kimya məsələlərinə krossvord kimi baxıb çox sadə yanaşırdım

– Xəyalınızdakı iş nədir?

– Olimpiadalara hazırlaşdığım müddət ərzində ən çox marağım üzvi kimyaya olub. Olimpiada yoldaşlarım üzvi kimya məsələlərində bəzən çətinliklər çəkdikdə belə, mən o məsələlərə krossvord kimi baxıb çox sadə yanaşırdım. Üzvi kimyaya qarşı xüsusi bir marağım var. Ağlımda konkret bir iş olmasa da, düşünürəm ki, üzvi kimya üzrə təhsilimi davam etdirib özümə bu sahə üzrə bir yol açacam.

– Təhsil aldıqdan sonra Azərbaycana qayıtmağı düşünürsünüz?

– Açığı, bunu gələcək göstərəcək, çünki hazırda əsas məqsədim kimya fənnində indiyə qədər qazandığım informasiyalar üzərinə yeni biliklər əlavə etməkdir. Bu səbəbdən Koreya Qabaqcıl Elm və Texnologiya İnistitutu və Sinqapur Milli Universitet kimi qabaqcıl təhsil müəssisələrinə müraciət etmişdim. Düşünürəm ki, bu sualın cavabını yalnız gələcək göstərəcək.

Və Nərimandan həmyaşıdlarına tövsiyə…

Sizin kimi uğurlu olmaq üçün çalışan abituriteynlərə nə demək istərdiniz?

-Əvvəldə də qeyd etdiyim kimi, əgər bir işə sevgi və əmək qoymusunuzsa, o işdə uğur qaçılmazdır. Sual sırf xarici universitetlərə qəbulla bağlıdırsa, tövsiyəm abituriyentlərdən çox valideynlərə olar ki, 7-ci sinifdə təhsil alan şagird Respublika fənn müsabiqəsinə və yaxud olimpiadalara qatılmağın vacibliyini çox da dərk edə bilmir. Çünki heç bir şagird 7-ci sinifdə düşünmür ki, indi qatıldığı olimpiada gələcəkdə universitetə qəbul zamanı ona kömək edəcək. Ona görə görə, valideynlərdən xahiş edirəm ki, övladlarına müsabiqələrə və olimpiadalarda iştirak etmələri üçün şərait yaratsınlar. Övladlarının hər hansı fənnə marağı varsa, bu fənn üzrə davam etmək üçün onları ruhlandırsınlar.

Bundan əlavə, bütün abituriyentlərə, xaricdə təhsil almaq istəyən şagirdlərə məsləhətim o olar ki, SAT və İELTS kimi imtahanlara hazırlaşsınlar. Mən çox qısa bir müddətdə hazırlaşdım, lakin mənim ingilis dilindən bazam olduğu üçün tez mənimsəyə bildim. Lakin bu, hər kəs üçün belə olmaya bilər. Ona görə, gecikməyin.

Aytac Aslan

Bənzər yazılar