“Bunu adi, sıradan hadisə kimi hallandırır”
 
“Məktəblərimizdə vətəndaş institutu yox səviyyəsindədir”
 
“Bu kimi hallarda töhmət yox, cəza tətbiq olunmalı, müəllim cinayət tərkibli əməlinə görə qanun qarşısında da cavab verməlidir”
 
49 nömrəli “İntellekt” məktəb-liseyində müəllim valideynlərdən pul tələb edib. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, liseyin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq pul istəyib:
 
“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.
O, bütün siniflərin pul verdiyini qeyd edib.
 
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq qeyd edilib ki, paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olub:
“Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək. Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
 
Səbəblərlə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Elmin Nuri bildirib ki, müəllimin birbaşa belə bir istəklə çıxış etməsi qəti yolverilməzdir. Onun sözlərinə görə, bu, bir çox mətləblərə aydınlıq gətirmiş olacaq: 
“Ən birinci amil, bu gün məktəblərdə vətəndaş nəzarəti institutunun formallığı, fəaliyyətinin sıfıra bərabər olmasıdır. Məktəblərdə vətəndaş nəzarəti mexanizmini yerinə yetirməyə borclu olan valideyn komissiyaları özfəaliyyət proqramının tam əksini edir. Onların əsas işi müxtəlif təqvim günlərində müəllimlər üçün pul toplamaq, ad günləri və bayramlarını mütləq mənada təbrik etmək üçün qeyri-loyal addımların təşkilatçısı olmaqdır. Görün, vəziyyət nə yerə çatıb ki, müəllim birbaşa özü valideynlərdən ibarət sosial şəbəkə qrupuna rüşvət istəyi ilə bağlı yazır və bunu adi, sıradan hadisə kimi hallandırır. Halbuki, həmin müəllim bu addımına görə öncə həmin vatsap qrupunda olan valideynlərdən, onların həyata keçirəcəyi ictimai qınaqdan çəkinməli idi. Müəllim bu gün pul tələb etdiyi valideynin qarşısında əslində öhdəlik daşıyan şəxs olduğunun fərqində deyil. Məktəblərimizdə vətəndaş institutu yox səviyyəsindədir.  Suala cavab olaraq deyə bilərəm ki, öncə bu məsələ öz həllini tapmalıdır”
 
Ekspert onu da əlavə edib ki, bu gün orta ümumtəhsil müəssisələrində obyektivlik və ədalətlilik meyarlarını rəhbər tutan valideyn nəzarət mexanizmi inkişaf etməli, istər təhsilalanlar, istərsə də təhsilverənlər tərəfindən yaranan qayda pozuntularına onlar tərəfindən anında reaksiya verilməlidir:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  məsələ ilə bağlı mediaya açıqlamasında da bildirilir ki, hadisəyə qanunvericilik çərçivəsində qiymət veriləcək və hüquqi addım atılacaq. Amma hüquqi addımla yanaşı, ictimai nəzarətin də gücləndirilməsinə xüsusi ehtiyac var. Bunun üçün də valideyn komissiyaları yenidən və tam fərqli qaydalar əsasında formalaşmalıdır. Yeni tərkib bayramlarda pul yığımlarından tutmuş, məktəblərdə bullinq və mobinq məsələlərinə, şagirdlərin davranış pozuntuları və onların səbəb olacağı neqativlərə xüsusi nəzarət etməlidirlər. Qanunvericilik tələbinə əsasən, məktəblərdə rüşvət alan müəllimə  əsasən töhmət və şiddətli töhmət verməklə məsələ qapadılır. Lakin bu kimi hallarda töhmət yox, cəza tətbiq olunmalı, müəllim cinayət tərkibli əməlinə görə qanun qarşısında da cavab verməlidir. Çünki o qanuna tabe olmalı bir vətəndaş kimi hüquqlarından kənar hərəkət etməklə yanaşı, müəllim və məktəbin nüfuzunu da aşağı salmış olur”.
 
Şərqiyyə Nəbi

Bənzər yazılar