“Müəllimlərin işəqəbulu üzrə müsabiqənin test imtahan mərhələsinə Məntiq predmetinə  aid suallar yenidən salınmalıdır. Çağdaş təhsil modelinin bugünkü tələbi müəllimlərdən həm də yüksək səviyyəli məntiqi əlaqələndirmə bacarığı tələb edir”.

Mektebgushesi.az xəbər verir ki, bunu Sitat.info-ya açıqlamasında elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, hazırki tədris proqramının əsas tələbi şagirdlərə təkcə uyğun ixtisasla bağlı zəruri faktları aşılamaq yox, aldıqları bilgiləri həyati əsaslı tətbiqi bacarıqlara çevirməkdir.

E.Nuri, MİQ müsabiqəsinin test imtahan mərhələsini əhatə edən sualları əksər hallarda yüksək analitik bacarıq  tələb etməyən, yaddaşdan təfəkkürə keçidi aşa bilməyən tapşırıqlar adlandırıb:

“Çağdaş dünya təhsilinin əsas tələbi yaddaşdan təfəkkürə keçid etmək, təhsilalanlarda tətbiqetmə, tədqiqat aparma, analiz qabiliyyətini artırmaqdır. Təhsilin yaxşı  inkişaf etdiyi Avropa, ABŞ və Uzaq Şərq ölkələrində bu model uzun illərdir ki, tətbiq olunur. Bu ölkələrdə  məktəb şagirdi lazımlı-lazımsız  informasiya ilə yükləyən bir məkan yox, onları gələcəyə fərqli müstəvidən yanaşmağı bacaran, prosesləri situasiyaya uyğun olaraq doğru-düzgün analiz edən şəxsiyyət hazırlığı məktəbidir. Biz isə hələ də təhsilalanları yalnız yaddaşın həcminə, şagirdin “hafizə qutusu”ndakı informasiyaların azlıq-çoxluğuna görə dəyərləndiririk.

 

Təəssüf ki, məktəblərdəki qiymətləndirmə çərçivəsi də məhz buradan o tərəfə getmir – necə düşünən yox, necə əzbərləyən şagird daha yaxşı qiymət alır. Bu model müəllimlərin də tədris etdikləri fənnə yanaşmasının əsas göstəricisi olub. Müəllim öz fənnini şagirdə onu necə düşündürmək, analitik qabiliyyətinə necə təkan vermək üçün bir alət kimi sevdirmir. Müəllimlərimiz  üçün öz fənninin şagirddə yaratdığı həyati bacarıqlar da əhəmiyyətli deyil. Bugünkü müəllimlərimizin bir çoxu üçün şagirdin yaddaşına xitab əsas meyardır. MİQ müsabiqəsinə hazırlıqda da o bu meyarı özü üçün əsas götürür. İstər kurikulum, istərsə də ixtisasla bağlı sualları əzbərləmək, tədris edəcək predmeti yalnız informasiya bazası kimi qəbul etmək müəllimlərimizin əsas yanlışlığı sayılmalıdır”.

E. Nuri sırf bu məqsədlə MİQ müsabiqəsinin test imtahan mərhələsinə Məntiqə aid sualların yenidən daxil edilməsinin zəruriliyini qeyd edir: “Xatırlayırsınızsa, 2020-ci ilə qədər MİQ-in test imtahan mərhələsində məntiq predmetinə aid suallar da var idi. Lakin həmin il nazirliyin qərarı ilə Məntiqə aid suallar test imtahanı proqramından çıxarıldı və müəllimlərin bilikləri yalnız ixtisas (40 sual) və kurikulum -metodikaya aid  (20 sual) suallarla məhdudlaşmış oldu. Təəssüf ki, bu xəbəri az qala, bütün müəllimlərimiz yüksək sevinc hissi, toy-bayram ovqatı ilə qarşıladılar. Çünki test imtahan mərhələsində müəllimlərin ən yaralı yeri məhz məntiqə aid suallar idi. Xüsusən də, humanitar və təbiət elmlərinə aid fənləri tədris edən müəllimlər Məntiqi özlərinə tamam yad predmet hesab edir, onu ancaq Riyaziyyat müəllimləri üçün gərəkli sayırdılar. Qətiyyən belə deyil! O zaman MİQ-də Məntiq predmetinə aid suallara verilən cavablar bəlkə də təhsilimizin vəziyyətini müəyyən edən əsas barometr idi.

Təsəvvür edin, sinif otaqlarında şagirdə düşünməyi, hansı yollarla fərqli analiz aparmağı öyrədən müəllim özü məhz bu bacarıqları ehtiva edən bir predmetdən zəif nəticə göstərir. Hələ bu azmış kimi Məntiqin MİQ proqramından çıxarılmasına da sevinir.

Bir neçə gün əvvəl Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva Müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra yeniliklərin olacağını vurğuladı. Həmin yeniliklər isə MİQ üçün o qədər də vacib məsələlər sayıla bilməzdi: 4 səhv cavabın bir doğrunu aparması və hüquqi biliklərə aid sualların 1-ə endirilməsi…

Ötən gün isə nazir Emin Əmrullayev MİQ -in test imtahan mərhələsinin müddətinin 30 dəqiqə artırılaraq, 150 dəqiqə olacağını vurğuladı. Bu kimi hallar da lazımdır, amma əsas məsələlər kənarda qalır. Bugün cavabları əzbərlənmiş faktoloji sualları düzgün işarələmək üçün müəllimə 1 saat da bəs edər. Lakin məntiq əsaslı analitik qabiliyyət tələb edən suallar olduqda həmin 150 dəqiqə bizim üçün daha səhih mənzərəni aydınlatmış olardı. Hansı mənzərə ki, bizim təhsilin durumunu özündə tamamilə əks etdirə biləcəkdi”.

Səid İsaoğlu

Bənzər yazılar