Martın 12-si 11-ci sinif şagirdləri üçün ölkədə buraxılış imtahanı keçirildi və 50 mindən çox şagird öz biliyini bu imtahanda yoxladı.Lakin həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşmədi. Bəzi abituriyentlər imtahandan sonra sualların çətin olduğunu iddia etsələr də, bir çoxları, hətta səhv sualların da testə salındığını söyləyiblər.

Qalmaqal böyüdükcə, bir sıra təhsil ekspertləri də sözügedən məsələyə artıq müdaxilə ediblər. Mütəxəssislərlə DİM arasında gedən sözlü savaşın qalibi hələlik bəlli olmasa da, görünən odur ki, sonuncu imtahanın müzakirəsi bir müddət daha gedəcək.

“Yeni Sabah”ın əməkdaşı isə təhsil eksperti Elşən Qafarovdan bu barədə rəy alıb.

– 2 gündür ki, məlum məsələ ilə bağlı söz-söhbətlər səngimək bilmir. Problemdən çıxış yolu nədədir?

– Reallıq ondan ibarətdir ki, biz birinci nəticələri yox, bu nəticələri ortaya gətirən səbəbləri müzakirə etməliyik. Azərbaycanda imtahan çətindirmi, bəli. Bəs necə çətindir ki, abituriyentlərin bir hissəsi bunu edə bilir, digəri isə yox? Yəni bunu edə bilənlər necə edir bəs?

Burada müxtəlif suallar qoymalı və məsələni hər iki tərəfə yozmalıyıq. Lakin bugünkü gündə “imtahanlar necə keçirilir və bu problemlər niyə ortaya çıxır” sualına cavab tapmalıyıq.

İlk növbədə, Dövlət İmtahan Mərkəzinə baxaq: DİM ölkənin imtahan və müsabiqələrini həyata keçirən publik hüquqi şəxsdir. Bu qurum 31 illik təcrübəyə malik olan bir qurumdur. Amma reallıq budur ki, bu 31 il ərzində cəmiyyət və dövlət inkişaf etdikcə, DİM-in imtahan mexanizmində də dəyişiklik edilməli idi. Lakin təəssüflər olsun ki, biz dəyişikliyi görmədik.

– Təklifləriniz nədir?

– Başlayaq, qrup imtahanlarından: dünyanın ikinci bir ölkəsi yoxdur ki, orada qrup imtahanı olsun. Ali məktəbə sənəd verən hər 100 nəfər Azərbaycan gəncindən ən azı 90-95-i arzuladığı, yaxud istədiyi ixtisas üzrə universitetə daxil ola bilmir. Faciənin miqyasına baxın, siz.

Bugünkü abituriyentlərdən “kim olmaq istəyirsən?” soruşanda biri deyir I qrupa, digəri isə deyir IV qrupa getmək istəyirəm. İnsan bir peşəni arzulayar, o peşə üzrə hazırlaşar, gedər o peşə üzrə təhsil alar, dövlətə və cəmiyyətə fayda verməyə çalışar.

– Lakin bizdə çox insan istədiyi ixtisasa düşə bilmir və ölkədə diplom xatirinə oxuyanların sayı hədsiz çoxdur…

– Bəli, ona görə ki, DİM-in bugünkü imtahan mexanizmi Azərbaycan gəncini öz istədiyi ixtisas üzrə təhsil alıb dövlətə və cəmiyyətə fayda vermək imkanından məhrum edir. Bu, çox ciddi bir məqamdır.

Bu gün insanların çoxu işlədikləri peşəyə çox da bağlı deyil. Məsələnin bir tərəfi buradadır.

Bu problemləri aradan qaldırmaq isə çox rahatdır: qrup imtahanları ixtisaslar üzrə olsun. Deyək ki, ölkədə 45 ali təhsil müəssisəsi var. Məsələn, bir tələbə riyaziyyat müəllimi olmaq istəyirsə, ölkənin neçə ali məktəbində riyaziyyat müəllimi ixtisası varsa, qoy, oraya sənəd versin. Məsələn, hüquqşünaslıq ixtisası 1 ali məktəbdə varsa, onda da 1 ali məktəbə sənəd versin. Qısası, imtahanlar ixtisaslar üzrə keçirilməlidir.

– DİM-ə qarşı səslənən ittihamları necə dəyərləndirirsiniz?

– Bu gün DİM sanki səlahiyyətlərini aşır. İllərdir ki, DİM ilə Elm və Təhsil Nazirliyi arasında ikihakimiyyətlilik davası və ya soyuq müharibə gedir. DİM təhsilin nəticələrinə birbaşa təsir edə bilən fikirləri cəmiyyətdə yarada bilir.

Sualları bir qədər çətin qoyduqdan sonra cəmiyyətdə belə fikirlər başlayır ki, “təhsil batıb, təhsil məhv olub”. Onlar bu sualların çətinlik səviyyəsini də istədikləri vaxt azaldıb-artıra bilirlər. Bu da çox xətalı bir məqamdır.

Onların əlində cəmiyyətdəki sosial gərginliyi artırmaq üçün rıçaqlar var. Nəzərə alsaq ki, bu gün təkcə ümumtəhsil məktəblərində 1 milyon 600 min şagird oxuyur və hər il 120 min ümumorta, 100 minə yaxın da tam orta təhsil səviyyəsindən məzun olursa, bu, 220 min şagird deməkdir. Bunların yaxınlar, ailə üzvləri, bunlarla məşğul olan müəllimləri də saysaq, ölkə əhalisinin ən azı 10%-nə gəlib çıxırıq. Bu, kiçik rəqəm deyil.

Sosial ziddiyətlər, gərginlik və narazılıq yaratmaq üçün bu, çox böyük bir mexanizmdir.

Bu gün KİV-lər, hətta mətbuat belə bu gücdə deyil. Ona görə də biz illərdir ki, təklif edirik ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınsın. DİM-in burada özünün proqramı, dərs vəsaitlərinin olması, eləcə imtahanları bu şəkildə keçirməsi ölkədə repetitorluğun günü-gündən daha da genişlənməsinə aparıb çıxarır.

Repetitorluğun genişlənməsi isə son nəticədə dövlətin büdcəsindən maliyyələşən məktəbə və orada işləyən müəllimə olan inamsızlıq və etimadsızlığı yaradır. Burada cəmiyyətlə təhsil arasında böyük bir uçurum mövcud olur.

– Yəni deyirsiniz ki, DİM repetitorlara səlahiyyət verir…

– Elə də demək olar. Sosial vəziyyəti ağır olmasına baxmayaraq, hər bir valideyn borc-xərc, haradan olursa-olsun repetitorlara ildə ən azı 1500 manat pul xərcləyir. Bunlar çox ciddi rəqəmlərdir.

Biz isə təklif edirik ki, test və vəsait hazırlama səlahiyyəti DİM-dən alınsın və DİM sadəcə imtahanları keçirən texniki bir quruma çevrilsin. Test hazırlamaq nə Elm və Təhsil Nazirliyinə, nə də DİM-ə tabe olmayan bir qurum tərəfindən hazırlansın.

– Məsələn?

– Ya Nazirlər Kabineti, ya da Prezident yanında Testologiya Mərkəzi yaradılsın. Beynəlxalq təcrübədə də bu, var. Testologiya Mərkəzi dediyimiz mərkəz isə bu gün DİM-in testlərini hazırlayan mütəxəssisləri özünə cəlb etsin, onlara baza verilsin.

Həmin Testologiya Mərkəzi isə Nazirliklə əməkdaşlıq etməklə – müxtəlif monitorinqlər, milli qiymətləndirmə və s. – bu gün abituriyentlərin real bilik-bacarıqlarının səviyyəsi nə yerdədirsə, bunu öyrənsin.

Bu mərkəz DİM-lə əməkdaşlıq etməklə də o abituriyentlərin imtahan bacarıqlarının real vəziyyətini araşdırsın.

Əgər imtahanda abituriyenti yoxlayırsansa, onun bugünkü real bilik-bacarıqlarına uyğun sualları imtahana salmalısan. Belə olarsa, bugünkü narazılıqların böyük bir hissəsi aradan qalxacaq.

Eyni zamanda repetitorluq bu qədər böyük vüsət almayacaq. Azərbaycan məktəbinə inam və etimad isə bir qədər artacaq. Problemlərin böyük bir hissəsi bununla həll olunacaq.

Rafi MÜSLÜMOV

Bənzər yazılar