Aprelin 6-daAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsinə həsr edilmiş “Hər nə olsa, şərəfimdir!” adlı anım tədbiri keçirilib.

Tədbirdə Quba RİH Başçısının müavini Səidə Abasova, Quba rayon prokuroru Namiq Muradov, DTX-nın Quba rayon bölməsinin rəisi Elcan Süleymanov, YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Quba rayon Mərkəzi Xəstəxanasının terepeya şöbəsinin müdiri, əməkdar həkim Cabir Məmmədov, ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev, ehtiyatda olan polkovnik-leytenenat Ayaz Qasımov, şəhidin ailə üzvləri Niyaz Məlikov, Günel Məlikova, Sara Məlikova, Aybəniz Aydəmir, vətənə əmanət olan övladları Xədicə və Süleyman, şəhid ailələri, filialın professor və müəllim heyəti, əməkdaşlar iştirak edib.

ADPU-nun Quba filialının “ibtidai sinif müəllimliyi” ixtisasının tələbəsi Səma Asəfovanın moderatorluğu ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra şəhid Aqil Məlikovun həyat və qəhrəmanlıq yoluna həsr edilmiş videoçarx nümayiş etdirilib. Tələbələr Vətən müharibəsi şəhidlərinin bir qisminin adlarını vurğulayaraq, şəkillərini nümayiş etdiriblər.

Açılış nitqi ilə çıxış edən filialın direktoru Yusif Alıyev qeyd edib ki, şəhid ailələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bildirib ki, bu gün 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan kapitan Məlikov Aqil Niyaz oğlunun doğum günüdür. Qəhrəman şəhidimiz 06 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur.

Direktor qeyd edib ki, kapitan Aqil Məlikov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə Alpan kəndindəki Su Baba qəbiristanlığında dəfn olunmuşdur.

Daha sonra Quba RİH başçısının müavini Səidə Abasova çıxış edərək, rayonda şəhid ailələrinə olan xüsusi diqqət və qayğıdan söz açdı.

Quba rayonunda ən çox şəhid verən Alpan kəndinin nümayəndəsi olan filialın  Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev isə gözləri önündə boya-başa çatan şəhid Aqil Məlikovun uşaqlığından gəncliyinə qədər olan dövrə nəzər salaraqa, Niyaz kişinin ailəsinin necə vətənpərvərlik ruhunda yetişməsindən bəhs etdi.

“Vətən  naminə” İctimai Birliyinin (İB) sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova da şəhidin döyüş yolu haqqında yoldaşlarının xatirələrini dilə gətirdi. Daha sonra filialın direktoru f.e.d. Yusif Alıyevə şəhidlərin xatirəsinin yaşadılmasında göstərdiyi xidmətlərə görə “Vətən naminə” İB-nin təsis etdiyi ilk simvolik hədiyyəni təqdim etdi.

Ehtiyatda olan polkovnik-leytenant, istehkamçı Ayaz Qasımov öz çıxışı ilə tədbir iştirakçılarını 44 günlük müharibə günlərinə qaytardı. O, Aqil Məlikovun keçdiyi şərəfli döyüş yolu haqqında danışaraq qeyd etdi ki, Vətən müharibəsində ilk olaraq istehkamı qıran məhz şəhid kapitan Aqil Məlikovun taboru olmuşdur və zəfər yolunun ilk şəhadətə ucalan qəhrəmanları da onlar oldular.

Şəhidin atası Niyaz Məlikov ailəsində yetişən qəhrəmanın uşaqlıqdan şəhadət zirvəsinə ucalan günədək olan qısa və şərəfli ömür yolundan bəhs etdi və şəhidlərin xatirəsinə göstərilən diqqətə görə iştirakçılara təşəkkürünü bildirdi.

Sonda filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Seydayeva şəhidimizin yadigarları olan həyat yoldaşı Günel Məlikova və qızı Xədicə Məliklini kürsüyə dəvət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Bənzər yazılar