“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələri üçün maarifləndirici seminar keçirib.

Birliyin sədri Hafiz Səfixanov Azərbaycan Respublikasının ərazisində mina və partlamamış hərbi sursatlar problemi barədə geniş təqdimatla çıxış edib. Təqdimatda mina və partlamamış hərbi sursatlar probleminin yaranma səbəbləri, bu problemlərin aradan qaldırılması üçün ANAMA, Müdafiə və Fövqəladə Hallar nazırlikləri və Dövlət Sərhəd Xidmətinin müvafiq qüvvələrinin gördüyü işlər, ölkədəki mina qurbanları ilə bağlı faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə geniş quruculuq işləri həyata keçirir. Lakin bu işləri tam şəkildə həyata keçirmək üçün ən böyük maneə həmin ərazilərin erməni hərbi birləşmələri tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir.  Təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Mina təhlükəsindən qorunmaq üçün əhalinin bütün təbəqələri arasında maarifləndirmə işlərinin aparılması vacibdir.

Sonra keçmiş minatəmizləyən, mina partlayışı nəticəsində ciddi yaralanmış Süleyman Heydərov seminar iştirakçıları qarşısında çıxış edib. O, Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terrorunun bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükə olduğunu deyib.

Seminarın sonunda sual-cavab sessiyası keçirilib.

Bənzər yazılar