İyunun 2-dən Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 2022-2023-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyulun 5-dək davam edəcək. 

İmtahanlar iki növbədə (Humanitar ixtisaslar üzrə saat 10:00-dan 13:00-dək, iqtisadiyyat ixtisasları üzrə saat 14:00-dan 17:00-dək) keçirilir. 

İmtahanlarda Azərbaycan və rus bölmələri üzrə 800-ə yaxın tələbə iştirak edir. Mayın 22-dən iyunun 7-dək Kollecə ümumi orta təhsil bazasından qəbul olan 251 tələbənin böyük summativ qiymətləndirilməsi də aparılır. İyunun 9-dan 21-nə kimi həmin tələbələrin imtahanları keçiriləcək. 

Yaz imtahanı sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 6-dan 12-dək şərait yaradılacaq. 

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. 

Bənzər yazılar