Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində layihə konsorisumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti İsveç Krallığının Stokholm şəhərində səfərdə olublar. Səfərin məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olub. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədris işləri üzrə prorektoru professor Zaur Bağırov, Karyera və kommunikasiya şöbəsinin müdiri, həmin layihənin ATMU tərəfindən koordinatoru Səidə Məmmədova təlimlərdə iştirak ediblər.

Bu barədə ATMU-dan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində KTH Kral Texnologiya Univerisitetində sahibkarlıq və innovasiya mövzularında məhsuldar təlimlər keçirilib. Səfərin ilk günü Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxış edərək layihənin önəm və əhəmiyyətindən bəhs edib. Təlimlərin davamında KTH Kral Texnologiya Univerisitetinin müvafiq sahələr üzrə məsul nümayəndələri və professorları Viktor Kordas, Oleksii Pasichnyi, Kristina Nyström, Johan Blaus, Olqa Kordas, Donnie Lyqonis, Pia Şmidt sahibkarlığın gücləndirilməsi – sahibkarlıqda təhsil, innovasiya, sahibkarlıq və vençurların yaradılması, texnologiya əsaslı sahibkarlıq, ali təhsil və tədqiqatda innovasiyalar, sahibkarlıq və innovasiyaların inkişafında beynəlxalq layihələr kimi mühüm mövzularda təqdimatlar nümayiş etdirərək qabaqcıl təcrübələrini bölüşüblər.

Təqdimatlar üzrə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri xarici partnyorlarla geniş müzakirələr və fikir mübadiləsi aparıblar. Tədbir iştirakçıları, eyni zamanda, İsveç İnnovasiyalar Agentliyinin mövcud fəaliyyəti, İsveçin Strateji İnnovasiya Proqramı haqqında ətraflı məlumatlar əldə ediblər. İsveç təcrübəsi ilə yanaşı, nümayəndə heyəti ali təhsildə sahibkarlıq və innovasiyanın tətbiqi üzrə Polşanın WSG Universitetinin təcrübəsi ilə tanış olublar.

Səfər proqramına əsasən təlimlərin yekununda layihə tərəfdaşlarının növbəti fəaliyyətlər və koordinasiya məsələləri üzrə görüşü baş tutub, müzakirələr aparılaraq tapşırıqlar müəyyənləşdirilib.

 

Bənzər yazılar