Azərbaycan xalqının mühüm tarixlərindən biri də sentyabrın ilk günüdür. 1919-cu il sentyabrın 1-də təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq dünyasının elm və mədəniyyətinin formalaşmasına güclü təsir edən Bakı Dövlət Universiteti (BDU) yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin bu yadigarı 104 ildir ki, ölkəmizin elmi, mədəni həyatında, yüksək səviyyəli kadrların hazırlığında mühüm rol oynayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli vurğulayıb. C.Məmmədli bildirib ki, BDU-nun yaranma yubileyi ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təşkil edilib və Ulu Öndər bu tədbirdə Azərbaycan dilində çıxış edərək, o gündən aforizmə çevrilmiş belə bir fikir səsləndirib: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir!”. Bu milli sərvət Azərbaycanın yeni müstəqillik çağında daha da inkişaf edərək ölkəmiz üçün milli kadrlar hazırlamaqdadır. Prezident İlham Əliyev bu barədə deyib: “Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir”.

Bakı Dövlət Universiteti gənclərin mənəvi tərbiyəsinə, onların milli ruhda, vətən sevgisi ilə formalaşmasına böyük diqqət yetirir. Universitetin 100 illik yubiley təntənəsində çıxış edən Prezident İlham Əliyev elm və təhsil məbədi olan BDU-nu bu sahədə yeni fəaliyyətə səslədi.

Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə BDU-nun da yüzlərlə məzunu və tələbəsi mərdlik və fədakarlıq nümunəsi, özlərinin vətənə sonsuz sevgilərini göstərdi. Universitetin 19 məzunu və tələbəsi Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

“Bu gün dövlətimiz Bakı Dövlət Universitetinin daha da inkişafı üçün hər cür tədbir görür. Universitetin binaları əsaslı təmir olunur. Sentyabrın 15-də tələbələrimiz yeni təmir olunmuş müqəddəs universitetimizdə uğurla təhsillərini davam etdirəcəklər”, – deyə professor C.Məmmədli bildirib.

Bənzər yazılar