Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzinin biblioqrafı və müəllimi Natiq Mürsəlov Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “EU4Dialogue: Kitabxana icma mədəniyyət mərkəzi kimi” adlı yay məktəbində iştirak edib.
Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunmuş beynəlxalq tədbirdə ilk 3 günlük seminar Riqa şəhərində “Mədəniyyətlərarası dialoqda kitabxanaların rolu” mövzusunda Latviya Milli Kitabxanasında keçirilib. Tədbirdə N.Mürsəlov fəaliyyətə başlamasının bu il 100 illiyi tamam olan ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin müasir innovasiya fəaliyyəti və rəqəmsal kitabxana xidmətləri haqqında təqdimatla çıxış edib. Xalqımızın qədim mədəniyyət və incəsənət tarixini özündə əks etdirən Azərbaycan, rus və ingilis dillərində nəşrlər Latviya Milli Kitabxanasına hədiyyə olunub.
Yay məktəbində növbəti “Akademik kitabxana müasir tədris prosesində” adlı təlim Latviya Universitetində keçirilib. Tədbirdə universitet kitabxanasının direktoru Marite Savicanın akademik kitabxananın universitetin inkişafında roluna dair ətraflı məruzəsi dinlənilib. Zəngin tarixi ənənələri olan bu universitet kitabxanasının müasir texnologiyalara əsaslanan geniş fəaliyyət istiqamətləri təhlil olunub. Universitetdə tədris prosesinin səmərəli təşkilində, professor-müəllim heyəti və tələbələrin informasiya təminatı sahəsində kitabxananın həyata keçirdiyi innovasiya yönümlü işlər əyani şəkildə yay məktəbinin iştirakçılarının diqqətinə çatdırılıb.
Latviya Universitet kitabxanasının tətbiq etdiyi yeniliklərin ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində həyata keçirilməsi ilə bağlı suallar ətrafında müzakirə keçirilib. Riqa şəhərində yerləşən bu müəssisənin çoxaspektli iş təcrübəsi hərtərəfli öyrənilib və hər iki universitet kitabxanasının ingilis və rus dillərində tədris ədəbiyyatı sahəsində rəqəmsal sənəd-informasiya mübadiləsinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki kitabxananın elektron məlumat bazalarına çıxış imkanları müzakirə edilib. Kitabxana-İnformasiya Mərkəzi tərəfindən Azərbaycan haqqında ingilis dilində nəfis nüsxəli nəşr Latviya Universitet kitabxanasına bağışlanıb.
“EU4Dialogue: Kitabxana icma mədəniyyət mərkəzi kimi” adlı yay məktəbi müddətində iştirakçılar Riqa və Çesis şəhərlərinin mərkəzləşdirilmiş kitabxana sistemləri ilə yaxından tanış olub, mərkəzi kitabxanalar və onların filiallarının fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Latviyanın tarixi şəhəri olan Çesisin 13-cü əsrə aid tarixi məkanlarına və muzeylərinə səfərlər təşkil edilib. Beynəlxalq tədbir hər bir iştirakçıya sertifikatın təqdim olunması ilə yekunlaşıb.