Dekabrın 20-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Şəki-Zaqatala iqtisadi rayonunda peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair regional konfrans” keçirilib.
Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qəbələ, İsmayıllı, Oğuz və Şəki Peşə Təhsil mərkəzlərinin rəhbər şəxsləri, regionda fəaliyyət göstərən peşə təhsil mərkəzlərinin tərəfdaş olduğu işəgötürən müəssisələr, Qəbələ və regionun digər bölgələrindən 110-dək sahibkar iştirak edib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Konfransın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatı, peşə təhsili müəssisələri ilə dövlət-özəl sektorun əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsidir.
Konfrans məzunlar, işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunmuş əmək yarmarkası ilə başlanıb. İştirakçıların Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün infotur həyata keçirilib.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və başqaları çıxış edərək peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair fikirlərini bölüşüblər.