İllər öncə bir kitab oxudum… Və bu kitab, düşüncələrimdə zamanın dəyəri ilə bağlı ciddi və xəbərdaredici izlər buraxdı. Öyrəndim ki, həyat gecikənləri bağışlamır, öyrəndim ki, zamana uduzmaq insanları dəyişdirir, öyrəndim ki, zamanı ən çox sevdiklərimizə həsr etməliyik.

Bu kitab Sesiliya Ahernin “Hədiyyə” romanı idi. Romanın baş qəhrəmanı Lu Saffernin zamana qalib gəlmək istəyir. Bütün vaxtını işə sərf edən Lu ailəsinə, həyat yoldaşına, övladlarına vaxt tapa bilmir. Bir gün Lu zahirən özünə oxşayan bir avaraya rast gəlir. Bu qəribə adam ona bir həb hədiyyə edir. Ona hədiyyə edilən həmin həb sayəsində Lu eyni zamanda iki və daha çox müxtəlif yerlərdə ola bilir. “Hədiyyə” romanı insanın vaxtla mübarizəsindən bəhs edir. Bu əsər vaxtın qiymətindən, onun həyatda nə qədər vacib faktor olmasından bəhs edən möhtəşəm bir Yeni il nağılıdır.

Düşünürəm övladlara zamanın dəyərini ta uşaqlıqdan, öncə valideyinlər, sonra isə müəllimlər öyrətməlidir.  Hər valideyin övladı üçün bu dəyəri fərqli formalarda aşılaya bilər, amma müəllimlər üçün bunun bircə yolu var: öyrənənin hər dəqiqəsinin qiymətli olduğunu öyrənciyə öyrədərək öyrətmək.

İndi o həbdən bizə də lazımdır. Bir dəfə övladlarımın bağçasının direktoru ilə danışırdım, – dedi: inanın ki, hərdən düşünürəm elə bir imkan olardı ki, Həyat müəllimdən bir neçə nüsxə çıxardıb bütün qruplara, bağçalara yollayardım. Ona görə bu istəkdə bulunur ki, Həyat müəllim də uşaqların zamanından yeməz.

Bu o həyat müəllimdir ki, hər dəqiqənin, hər anın uşağın haqqı olduğunu düşünür, yorulmadan, usanmadan, eşq ilə onları öyrədir. Nə vaxt getsəm, hər dəfə görürdüm ki, Həyat müəllim sona qalan bu iki balaca oğlanlara nəsə öyrədir. Sonralar uşaqları anam götürməyə başladı. Anam deyər ki, hər dəfə görürəm Həyat müəllim nəsə öyrədir, izah edir, birlikdə yaradırlar, birlikdə həvəslənirlər. Deyir qapını döymürəm, gözləyirəm ki, qoy öyrənsinlər. Axşam saat neçə olar olsun, nə zaman getsək Həyat müəllim daim uşaqlarla məşğul olar…

Bir dəfə tədbirlərin birində həmkarlarından biri dedi ki, “35 ildir Həyat müəllimi hər gün kəşf edirəm”. Bax budur müəllimlik, budur innovativlik, budur zamanın tələbi ilə ayaqlaşan müəllim.

Uşaqlara kiçik bacarıqlar öyrədən, onlara sevgini, mərhəməti, paylaşmağı aşılayan, Həyat müəllimimiz, o ha deyirlər ki, “müəllim şam kimi əriyər”, bu ifadə də Sizin üçün azdır. Çünki o məktəbədəqər yaşlı uşaqlarla işləyir, azyaşlılarla işləməyin nə qədər çətin olduğunu mütəxəssislər yaxşı bilir. Bəzən tədbirlərdə uşaqların çatışmayan nəyi varsa, Həyat müəllim onu da özü həll edir. Deyir istəmirəm hansısa uşaq sıradan seçilsin. Bu yazım əsla bir reklam deyil, bu yazım bir valideyninin müəllimə heyranlığı və minnətdarlığıdır.

Yenə qayıdaq qış nağılımıza, nağıllar şirin olar axı. O qış nağılının son sətirində belə deyir: “Zaman hədiyyə edilmir, lakin ona şərik çıxmaq olar.”  Müəllimlər də hədiyyə edilmir, lakin onlardan öyrənmək olar. Bizim Həyat müəllim də bizim hədiyyəmizdir.

Öz yəqininə çoxdan çatmış, özünə qalib gəlmiş, elminin işığını səxavətlə paylaşan imanlı müəllim, Siz çox yaşayın!

Bənzər yazılar