Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində keçirilən görüşdə Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomu təqdim olunub.

Təqdimat mərasimində ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dos. Eldar Aslanov, Tədris departamentinin direktoru, dos. Sənan Əliyev, Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, Dünya Söz Akademiyasının prezidenti, prof. Fəxrəddin İvgin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, prof. Vüqar Əhməd, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, dos. Əzizağa Nəcəfov, tədqiqatçı-şair Qardaş Əlişoğlu, eləcə də fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan prof. Vüqar Əhməd prof. Mahirə Hüseynovanın Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilməsinin təsadüfi olmadığını, onun görkəmli dilçi alim olmaqla yanaşı, eyni zamanda mahir söz ustası, şair olduğunu vurğulayıb. O, Mahirə Nağıqızının şeirlərində qəlblərə toxunan ifadələri xüsusi ustalıqla qələmə alan sənətkar olduğunu qeyd edib.

Dünya Söz Akademiyasının prezidenti, prof. Fəxrəddin İvgin prof. Mahirə Hüseynovanın Azərbaycanın elm aləmində əhəmiyyətli rolu olduğunu vurğulamaqla yanaşı, eyni zamanda onun Türkiyədə də tanındığını, türk dünyasının görkəmli şəxsiyyəti olduğunu qeyd edib. Natiq, Mahirə Hüseynovanın xalq şairləri və aşıq yaradıcılığı ilə bağlı əhəmiyyətli tədqiqatlarını xüsusilə qeyd edib.

Daha sonra prof. Fəxrəddin İvgin Mahirə Hüseynovaya fəxri akademik üzv diplomunu təqdim edib.

Çıxış edən Əlyazmalar İnstitutunun direktor müavini, dos. Əzizağa Nəcəfov Mahirə Nağıqızı yaradıcılığının tədqiqinin müasir ədəbi mühit üçün əhəmiyyətindən danışıb. Tədqiqatçı-şair Qardaş Əlişoğlu və ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri, dos. Nazilə Abdullazadə isə prof. Mahirə Hüseynovanın həm ictimai xadim, həm də təşkilatçı və rəhbər kimi uğurlu fəaliyyətini qeyd etmiş, onun bir sıra ölkələrin elmi qurumlarının fəxri doktoru olduğunu diqqətə çatdırmışlar.

ADPU-nun rektoru, prof. Cəfər Cəfərov çıxış edərək prof. Mahirə Hüseynovanın həm kafedra müdiri, həm də fakültə dekanı işlədiyi dövrdən ADPU-nun tarixində müsbət iz qoyduğunu vurğulayaraq, onun beynəlxalq əlaqələr üzrə prorektor olduqdan sonra da Universitet və Azərbaycan elmi üçün etdiyi yeniliklərdən danışıb.

Sonda çıxış edən prof. Mahirə Hüseynova göstərilən diqqətə görə öz təşəkkürünü bildirib, eyni zamanda Azərbaycanda və türk dünyasında tanınmasının universitet rəhbərliyi və fakültə kollektivinin birgə əməyinin nəticəsi olduğunu dilə gətirib.

 

Bənzər yazılar