Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki Şəhər İcra Hakimiyyəti və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə “Yaşıl dünya evimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elman İsmayılov, şöbə müdirinin müavini, baş məsləhətçi Sadiq Yusifov, filialın direktoru, dosent Vurğun Məmmədov, professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan filialın direktoru, dos. Vurğun Məmmədov konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkə başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2024-cü ilin noyabr ayında Bakıda möhtəşəm COP29 tədbirinin keçirilməsi və dünyanın 180-dən çox ölkəsindən 80 min nəfərədək qonağın bu platformada iştirakı nəzərdə tutulub.

Bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək tədbirlərlə bağlı filialın rəhbərliyi tərəfindən 18 aprel 2024-cü il tarixində əmr imzalanıb və Tədbirlər Planı təsdiq edilib.

Konfransda Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İsmayılov  “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmiz üçün əhəmiyyəti”, filalın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov “Tut ipəkqurdunun ŞREM-də əldə olunmuş iqtisadi baxımdan səmərəli cins və növləri”, həmin kafedranın baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev “Dünyamızın ekoloji böhran harayı: hamı üçün çalınan zəng” və baş müəllim Səadət Feyzullayeva “COP 29 meqalayihəsi: iqlim dəyişkənliyi qlobal ekoloji problem kimi” mövzularda təqdimatlarla çıxış ediblər.

Sonda nümayiş olunan ekoloji problemlərə həsr olunmuş videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Bənzər yazılar