Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Holcim (Azərbaycan)” ASC-nin baş direktoru Rossen Papazovla görüşüb. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə gələcək layihələr və qarşıda duran planlardan danışılıb.
Universitet haqqında qonaqlara məlumat verən ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Holcim (Azərbaycan)” ASC-də istehsal olunan məhsulların Azərbaycan üçün olduqca mühüm əhəmiyyətə malik olduğunu bildirib. “Holcim (Azərbaycan)”la bir çox işlər görmək niyyətində olduğunu bildirən rektor şirkətin təkcə yüksək keyfiyyətli məhsul deyil, eyni zamanda yüksək mədəni xidmət göstərdiyini və Azərbaycan sənayesində xüsusi mövqeə malik olduğunu qeyd edib.
“Holcim (Azərbaycan)”ın istehsal etdiyi məhsulların bizim mühüm əhəmiyyəti var. Holcim sement yeni texnologiyalar əsasında qurulub və orada yüksək ixtisaslı kadrlar çalışır. Holcim kimi bir şirkətdə təcrübə keçmək tələbələrimiz üçün böyük təcrübədir” – deyə rektor, professor M.Babanlı bildirib.
Universitetlə şirkət arasında körpü yaratmaq və ali təhsil ocağının həm də biznes mühitinə çevrilməsinə nail olmaq üçün bir sıra işlər aparıldığını deyən rektor həmçinin daha da irəli getmək və yeni standartlara əsasən yeni proqramlar qurmaq niyyətində olduğunu vurğuluyub.
ADNSU ilə əlaqələrin onlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirən “Holcim (Azərbaycan)”ın baş direktoru R.Papazov universitetin məzunlarının şirkətdə yüksək vəzifələrdə çalışdığını və işlərinin öhdəsindən məsuliyyətlə gəldiklərini qeyd edib. Həmçinin biznes və universitet əməkdaşlığının çox önəmli olduğunu qeyd edən direktor bu əlaqələrin hər iki tərəfin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Sonda tərəflər arasında əməkdaşlığa dair saziş imzalanıb.
Qeyd edək ki, “Holcim (Azərbaycan)” dünyanın aparıcı sement istehsalçılarından olan Holcim qrupun bir hisssidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malikdir. “Holcim (Azərbaycan)” ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq “Holcim (Azərbaycan)” ASC oldu.

Bənzər yazılar