Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində Zaqatala rayonunun Suvagil kənd tam orta məktəbinin 56 yaşlı gözdən əlil tarix müəllimi Beydulla İsgəndərovun 60 mümkün baldan 53-ünü toplayaraq yüksək nəticə göstərməsi cəmiyyətdə maraqla qarşılanıb.
mektebgushesi.az BakiPost.az-ın əməkdaşınin oxucuların da diqqətini çəkən müəllimlə söhbətini təqdim edir.
Beydulla İsgəndərov 1961-ci ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, 27 ildir, müəllim kimi çalışır.
Əməkdaşımızla söhbətində öncə imtahandan danışan müəllim bildirib ki, əldə etdiyi nəticədən də yüksəyini gözləyirmiş: “Əvvəlcədən diaqnostik imtahanın keçirilməsi gözlənilirdi. Ona görə də bu barədə xəbəri eşidən kimi imtahana hazırlaşamağa başladım. Bu məqsədlə də əsasən metodik vəsaitləri əldə edib, onunla əlaqədar test kitabları ilə tanış oldum. Fərdi oxuya bilmədiyim test kitablarındakı məlumatlarla uşaqların köməkliyi ilə tanış olurdum, bəzilərini telefona səsli yazdırırdım. Daha sonra hər gün həmin testlərlə səsli tanış olmaqla imtahana hazırlaşdım.
Düzü daha yüksək nəticə gözləyirdim. Amma nədənsə 7 sualda qeyri-dəqiqlik olub. Növbəti mərhələdə daha yüksək nəticə hədəfləmişəm”.
Yüksək nəticə göstərən müəllim 12 ildir repetitor kimi fəaliyyət göstərdiyini qeyd edib: “Əsasən də mənim müəllimlik fəaliyyətimin daha məhsuldar dövrü məhz o vaxtdan başlayır. Həmin vaxtdan etibarən bizim şagirdlərimizin də nəticələri yüksəlməyə başladı. Bir zaman mənim şagirdlərim olan uşaqlar hazırda mənim həmkarlarımdır. Onlar mənimlə birgə müəllim kimi fəaliyyət göstərirlər. 12 il ərzində çoxlu sayda şagirdlərim 2-ci və 3-cü ixtisas qruplarəndakı fakültələrə daxil olublar. İndi də müxtəlif sahələrdə fəaliyyət göstərirlər. O cümlədən bizim məktəbdə işləyənləri də var.
Lakin yüksək vəzifədə çalışanı yoxdur. Bilirsiniz ki, yüksək vəzifəyə çatmaq üçün müəyyən müddət lazımdır. Amma hazırladığım şagirdlərdən biri psixoloq kimi fəaliyyət göstərir”.
Beydulla İsgəndərov qeyd edib ki, görmə əngəlli olsa da, hər gün məktəbə tək gedib gəlir: “Artıq öyrəşmişəm. Məktəb evdən təxminən 1 kilometr məsafədə yerləşir. Hər gün gedib gəldiyim yoldur. Heç bir çətinlik yoxdur. Yağış yağanda, külək olanda çətinlik yaranır. Yoxsa adi havalarda gedib-gəlmək olur”.

Bənzər yazılar