“Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) silsilə tədbirlər həyata keçirilir. Martın 18-də Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Musiqi və onun tədrisi metodikası kafedrasında keçirilən növbəti tədbir Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, pedaqoq Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr olunub.

Musiqi və onun tədrisi metodikası kafedrasının mudiri, professor Zemfira Abdullayeva qonaqları salamlayaraq sözü ADPU-nun rektoru, professor Cəfər Cəfərova verib. Rektor Cəfər Cəfərov qeyd edib ki, müasir musiqi mədəniyyəti xəzinəmizə misilsiz töhfələr vermiş S.Hacıbəyov milli musiqi sənətində aparıcı simalardan biridir. S.Hacıbəyovun özünəməxsus orijinal yaradıcılığı ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanmışdır.

Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev və dövrünün bir çox bəstəkarları kimi S.Hacıbəyov da öz yaradıcılığında Azərbaycanın musiqi klassikləri olan Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin ənənələrinə sadiq qalaraq, milli formalar sahəsindəki axtarışlarını inkişaf etdirmiş, Azərbaycan simfonik musiqisinin inkişafında mühüm rol oynamışdır. S. Hacıbəyov müasir mövzuda ilk milli baletin müəllifi kimi tanınmışdır.

S.Hacıbəyovun bir çox əsərləri respublikamızın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilərək, tez bir zamanda populyar əsərlər sırasına daxil olmuşdur. Onun “Karvan” simfonik lövhəsi respublikamızın hüdudlarından kənarda səslənmişdir. Bu əsər müasir dövrümüzdə də səslənərək müəllifinə şöhrət gətirir. Bəstəkarın “Gülşən” baleti SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

S. Hacıbəyov istedadlı bəstəkar olmaqla yanaşı, musiqi sahəsində görkəmli ictimai xadim, gözəl təşkilatçı idi. O, Azərbaycan Dövlət Flarmoniyasının bədii rəhbəri, direktoru, Bəstəkarlar İttifaqının birinci katibi,1963-cü ildən İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur.

Sonra söz S.Hacıbəyovun gəlini, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovaya verilib. Professor Ü.Hacıbəyova çıxışında tədbirin keçirilməsinə görə universitetin rəhbərliyinə dərin təşəkkürünü bildirib,

bəstəkarla bağlı xatirələrini bölüşüb və royal arxasına keçərək S.Hacıbəyovun əsərini ifa edib.

Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə çıxış edərək bəstəkarın ictimai fəaliyyəti, həmçinin Azərbaycan Dövlət Konservatoriyasının rektoru kimi fəaliyyətindən danışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Gülnar Verdiyeva “Soltan Hacıbəyovun yaradıcılığının səciyyəvi xüsusiyyətləri” mövzusunda çıxışında onun yaradıcılığının dərin köklərlə milli musiqiyə bağlı olduğunu vurğulayıb.

Sonra bəstəkarın iki vokal əsəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin tələbələrinin ifasinda səsləndirilib.

Tədbirin sonunda professor Minara Dadaşova və dosent Afət Həsənova bəstəkarın simfonik əsərləri barədə maraqlı məruzələrlə çıxış ediblər.

Bənzər yazılar