Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli dilçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kitab kolleksiyasının təqdimatı keçirilib.

MEK-dən Mektebgushesi.az -a bildirilib ki, tədbirdə təqdimatla çıxış edən kitabxana-xidmət şöbəsinin əməkdaşı Səda Əliyeva alimin şəxsi kitab kolleksiyası, həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələri üzrə tədqiqat aparmış Ə.Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsər, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi olub.

Diqqətə çatdırılıb ki, kolleksiya alimin qızı, filologiya elmləri doktoru Sənubər Abdullayeva tərəfindən MEK-ə təqdim olunub və 1250 nüsxə sənəddən ibarətdir. Kolleksiyaya Əlövsət Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı, dilçilik elminin bütün bölmələrinə aid kitablar, müxtəlif dillərdə lüğətlər, ensiklopediyalar, tarixi kitablar, dahi yazarların əsərlərindən ibarət ədəbiyyat və digər sənədlər daxildir.

Tədbirdə alimin “Köməkçi nitq hissələri” metodik vəsaiti, “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyi, “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyası, “Dil, siyasət, sosial tərəqqi”, “Sintaksisin aktual məsələləri”, “Azərbaycan dili məsələləri” və digər kitabları barədə məlumat verilib. Qeyd edilib ki, dil əlaqələri, əlifba problemi, Azərbaycan dilinin morfologiyası və sintaksisi ilə bağlı vacib məsələlərin əksini tapdığı kitablarda dilimizin ayrı-ayrı problemlərini əhatə edən araşdırmalar yer alır. Alimin Azərbaycan dilçiliyinin səviyyəsini əks etdirmək baxımından böyük əhəmiyyəti olan bir sıra kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Həmçinin MEK əməkdaşları tərəfindən “Vikipediya”da alim haqqında ətraflı məlumat yerləşdirilib.

Sonra professor Əlövsət Abdullayevin qardaşı, professor Əlikram Abdullayev, qızı Sənubər Abdullayeva, oğlu Tofiq Abdullayev, dilçi alimin tələbəsi, dosent İsmayıl Məmmədov, professorlar Tofiq Hacıyev, Rəhilə Quliyeva, Fikrət Əlizadə və digər çıxış edənlər alimin həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər. Onu Azərbaycanda dilçilik sahəsində xüsusi söz sahibi olan, məktəb yaratmış görkəmli elm xadimi, dilçi alimlərin yetişməsində şəriksiz xidməti olmuş şəxsiyyət kimi xarakterizə ediblər.

Bənzər yazılar