Əməkdar müəllim Almaz Həsrətin sosial şəbəkədə paylaşdığı “Anamın 81 yaşı var, hələ də mənimlə maraqlanır…” statusunu oxuyarkən, istər-istəməz gənclik illərimin bir xatirəsi yadıma düşdü. Otuz yaşıma bir-iki il olar, ya olmazdı ki, adlamışdım. Bakının mərkəzi rayonlarının birində Təhsil Şöbəsinin müdiri idim. Moskvada ВДНХ deyilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, ölkənin bir qrup nümayəndələri ilə birgə Respublikamızın təmsilçiləri siyahısına məni də daxil etmişdilər. Artıq, təyyarəyə qabaqcadan bilet də sifariş olunmuşdu.

Bu arada anam zəng edərək, mütləq ona baş çəkməyimi təkid etdi. Narahatçılıqdan, əlimdə olan təxirə salınmaz işləri yarımçıq qoyub, rayona getməli oldum. Nə baş verib sualıma cavab olaraq anam, evin bir küncündəki köhnə sandığa yaxınlaşaraq, içindəki yaylığı açıb, bir bükük pulu mənə uzatdı: “Uzaq yola çıxırsan, götür bunları, yolda lazımın olar.” Dedim ay ana təqaüdçü adamsan, vəzifə sahibinə pul təklif edirsən… Onu qırmadım, pulu götürdüm.  Axı, mən nə yaşda, hansı vəzifədə olsam da, onun üçün uşaq idim… Yoluma isə artıq təyyarə ilə deyil, qatarla davam etməli oldum. Qayıdarkən ona layiq hədiyyələr aldım.  

İndi, valideyn-övlad, məktəb-ailə münasibətləri ilə bağlı düşüncələrə qapılarkən, baş sındırırıq ki, baş verənlərdə məktəb günahkardır yaxsa ailə, məktəbdə təlim-tərbiyə işi zəif qurulub, yoxsa valideyn-uşaq münasibətləri çat verib, Bir də ki, görəsən nələrə lazımınca diqqət etməmişik,uşaqlara sevgimiz yetərsizdir, yoxsa sadəcə nəzarəti əldən vermişik…

Bir daha şahidi oluruq ki, məktəb, ailə və ictimaiyyətin əlbir işi və qarşılıqlı əməkdaşlığı ilə bağlı tərbiyəvi və maarifləndirmə işi kompaniya xarakteri daşımamalı, ardıcıl və davamlı şəkildə aparılmalıdır. Unutmayaq ki, uşağın ilkin tərbiyəsi ailədən başlanırsa, məktəbdə davam etdirilirsə, sosial mühitdə formalaşır. Məktəb, ailə, ictimaiyyət – bu bucaqların hər biri cəmiyyət müstəvisinin üçbucağıdır…

Nadir İsrafilov

Bənzər yazılar