18.12.2019-cu il tarixində Bakı şəhərində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, ədəbi mükafatlar laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun iştirakı ilə “Mənim imzam” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dilşünas, AMEA doktorantı Nofəl Şirinov tədbir iştirakçılarına Rafiq Yusifoğlunun həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib. Daha sonra məktəbin müəllimi Rafiq Yusifoğlunun tələbəsi olmuş Sona Həsənova Rafiq müəllimlə bağlı xatirələrini bölüşüb, uşaq ədəbiyyatı və Azərbaycan ədəbiyyatşünaslığında Rafiq Yusifoğlunun yeri ilə bağlı fikirlərini söyləyib. Tədbirin gedişində məktəbin Azərbaycan dili və Ədəbiyyat Müəllimi Təravət Hüseynova “Rafiq Yusifoğlu yaradıcılığı və müasir Azərbaycan Uşaq Ədəbiyyatı” adlı məruzəsi dinlənilib və şagirdlər müəllifin şeirlərini söyləyib. Görüş iştirakçılarına Rafiq Yusifoğlunun şeirləri əsasında hazırlanmış tamaşa göstərilib. Daha sonra qonaq məktəblilərin və görüş iştirakçılarının suallarını cavablandıraraq şeirlərindən nümunələr söyləyib, məktəb pedaqoji kollektivinə və şagirdlərə öz tövsiyələrini verib. Müəllifi olduğu kitabları şagirdlərə hədiyyə edib.

Tədbirin sonunda məktəbin direktor müavini Şakir Süleymanov qonaqlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək, Rafiq Yusifoğlunun yaradıcılığı və tövsiyələri ilə bağlı fikirlərini bildirib.

Bənzər yazılar