“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində İsmayıllı Peşə Tədris Mərkəzinin nəzdində təsis edilməkdə olan Koordinasiya Şurasının görüşü keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə 20-yə yaxın müəssisənin, İsmayıllı Rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Turizm Agentliyi və Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak ediblər.

Koordinasiya Şurası İsmayıllı Peşə Tədris Mərkəzi ilə regionda fəaliyyət göstərən işəgötürənlər arasında əməkdaşlığın davamlılığını təmin edəcək, həmçinin peşə təhsili ilə əlaqəli bir çox məsələlərin həllinə töhfə verəcək. Şura tədris planlarının Peşə Təhsil Mərkəzi ilə razılaşdırılması, sənaye müəssisələrinin tələbə qəbulunda rolunun artırılması, tələbələrin qiymətləndirilməsinin müəssisələr tərəfindən aparılması, karyera mərkəzlərinin yaradılması, kurikulumlara baxılması və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Koordinasiya Şurasının Əsasnaməsi işəgötürən şirkətlərlə razılaşdırılıb. Şuranın nəzdində daha bir neçə sənəd işlənib hazırlanıb. Hazırkı görüşdə isə Koordinasiya Şurasının Əsasnaməsində yer alan dəyişikliklər təsdiqlənib.

Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.

Bənzər yazılar