Ümid edək ki, AzEdu.az-ın  nəzdində yaradılan mərkəz Dərsliklərin Monitorinqində yeni mərhələ olacaq.

“Dərslik şagirdlərin əsas tədris vasaiti, bilik mənbəyi hesab olunur. Şagirdlər lazımi biliklərə yiyələnmək üçün bu vəsaitlərdən istifadə edirlər.​ Bu səbəbdən də dərsliklər asan dildə yazılmalı, sadə cümlələrdən istifadə olunmalı, dil qaydalarına düzgün əməl edilməli, ən başlıcası isə ibtidai və yuxarı siniflərin yaş səviyyəsi nəzərə alınmalıdır.“

Bu və bu kimi digər fikirlər ayrı-ayrı təhsil mütəxəssisləri, psixoloqlar, hətta valideynlər tərəfindən zaman-zaman dilə gətirilsə də müəyyən bir dövr ərzində sadalanan iradlara lazımi reaksiya verilməyib, əsasən də “dərslik müəllifləri iradlarla razılaşmırlar” cavabı ilə məsələnin üstündən keçilib.

 

Hətta bir ara iş o yerə çatmışdı ki, sən demə, neçə illərdən bəri təhsilimizin “üzqarası” kimi hallandırılan dərsliklərimizlə bağlı bütün problemlər həll olunubmuş kimi, şagirdlərimiz bircə vulqar və jarqon sözləri seçib ayırd etməkdə çətinlik çəkirlərmiş. Buna görə də dərsliklərimizə bayağı sözlərdən ibarət mətnlər salınması zərurəti meydana çıxıb və bu şagirdləri yaxşı danışmağa yönəltmək və dilimizin saflığını qorumaq işınə xidmət edəcək. Dərslik müəlliflərimiz və onların kurikulum məsləkdaşları isə, yenə də öz mövqelərində israrlı olub, “heç kim öz ayranına turş deməz” prinsipindən çıxış edərək, əsaslı tənqidləri belə süngü ilə qarşılayırdılar.

 

O illər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan dərsliklərdəki problemlərlə bağlı məsələlərə “aydınlıq gətirmək” üçün dərslik müəlliflərindən və əlaqədar şəxslərdən bir qrupu bir araya gəlib dərsliklərə salınmış vulqar və jarqon ifadələrə, bayağı mətnlərə bəraət qazandırıcı fikirlər səsləndirməkdən, dərslikləri tənqid edənləri “təhsildən incik düşənlər” kimi qələmə verməkdən belə çəkinmirdilər.

 

Nəhayət, Ölkə başçısı keçmiş TQDK-ya dərsliklərin monitorinqinin həyata keçirilməsini həvalə etdi və indiki DİM də dərsliklərdə nöqsanlar olduğunu bir daha təsdiq etdi. Ondan sonra Təhsil Nazirliyi dərsliklərin yenilənməsi, təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirdi. Belə ki, Təhsil Nazirliyinin nəzdində dərsliklərin qiymətləndirilməsi ilə bağlı şura yaradıldı. Daha  sonra dərsliklərin ictimai müzakirəsi başlanıldı. İctimai müzakirənin üstünlüyü ondan ibarətdir ki, istənilən vətəndaş öz təkliflərini, iradlarını çatdırmaq imkanı qazandı. Eyni zamanda, Təhsil Nazirliyi ehtiyat dərsliklər hazırlamağa başladı. Bundan başqa, www.e-derslik.edu.az portalı vasitəsilə şagirdlərdə dərslikləri elektron formatda oxumaq bacarığı formalaşdırıldı. Bu vasitə ilə şagirdlər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırdılar. Bu da, öz növbəsində, təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Bir sözlə, bu sahədə aparılan işlər təqdirəlayiq olsa belə dərsliklərimiz hələ də müəyyən nöqsan və çatışmazlıqlarda xali deyi.

 

Nəzərə alsaq ki, Azərbaycanda təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri də dərslik siyasəti ilə bağlıdır. Dərslik siyasətinin başlıca məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Bu baxımdan dərsliklərin yüksək səviyyədə hazırlanması, məzmunca, formaca yeniləşdirilməsi, müasir təhsil standartlarına, milli kurikuluma cavab verməsi mühüm amillərdir. Bu baxımdan da dərsliklərin daim yeniləşməsi və təkmilləşdirilməsi qaçılmaz zərurətdir.

 

Ümid edək ki, AzEdu.az-ın  nəzdində yaradılan  Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi dövlətin təhsil  siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görmək sahəsində yeni mərhələ olacaq. Arzu edək ki, növbəti müzakirələrə tanınmış təhsil  ekspertləri ilə yanaşı, psixoloqlar, uşaq fizioloqları, peşəkar fənn müəllimləri, hətta valideynlərdən ibarət maraqlı tərəflər də cəlb olunsunlar. Dərsliklərlə bağlı iradlara vaxtında reaksiya verilsəydi, mobcud nöqsan və çatışmazlıqların bir çoxu bəlkə də indiyədək həllini tapmış olardı.

Bənzər yazılar