104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu, lakin bu respublika cəmi 23 ay yaşaya bildi. Ölkə rəhbərliyi, eləcə də bütün Azərbaycan xalqı həmişə AXC qurucularının əziz xatirəsini dərin ehtiramla yad edib, onların ənənələrinə sadiq qalıb.

Müstəqillikdən 1 gün sonra İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana təhvil verilməsi xalqımız üçün böyük faciə olmuşdur.

Ölkəmizin əsl müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlıdır. Müasir Azərbaycanın qurucusu olan ümummilli lider 1993-cü ildə hakimiyyətə gələrək Azərbaycanda müstəqillik dövrünün təməlini qoydu.

Bu gün Azərbaycan istər hərbi güc, istərsə də iqtisadi göstəricilər baxımından davamlı inkişaf edən ölkələrdən biridir. Gündən-günə artan iqtisadi nailiyyətlər ölkəmizi daha da irəli aparır. Azərbaycanın hərbi gücü haqqında kifayət qədər danışmaq olar. Beynəlxalq hüququn işləmədiyi yerdə ölkəmiz öz ordusu, öz gücü, texnikası hesabına düşmənə döyüş meydanında öz yerini göstərdi. Hər il yeni texnikaların alınması hərbi gücün artırılması istiqamətində ölkəmizin gördüyü işlərə nümunədir.

Ermənistanın hal-hazırda istər iqtisadi, istər hərbi cəhətdən acınacaqlı vəziyyətdə olmasının səbəbi onların işğalçılıq siyasətinin nəticəsidir. Müharibədəki məğlubiyyətdən sonra daha da çökməyə başlayan Ermənistan öz tarixinin ən ağır dövrlərini yaşayır.

II Qarabağ müharibəsində qazanılan böyük Zəfər xalqımızın birliyinin, Ali Baş Komandanımızın böyük iradəsinin, ordumuzun gücünün birgə nəticəsidir. Ermənistandan fərqli olaraq biz ancaq düşmənin hərbi qüvvələrinə qarşı vuruşaraq döyüş meydanından şərəfli qələbə ilə çıxdıq.

Müharibədən sonra artıq quruculuq və ölkələrarası münasibətlərin yaxşılaşdırılması istiqamətində çoxsaylı işlər görülür. Əvvəla sərhədlərimiz müəyyən olunmalıdır. Bu hadisənin reallaşması artıq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması deməkdir.

Artıq beynəlxalq qurumlar da böyük Zəfərdən sonra Azərbaycanın haqq səsini qiymətləndirir, düzgün siyasət yeritdiyini qəbul edir, Qarabağı Azərbaycanın tarixi ərazisi kimi qəbul edir. Çox təəssüf ki, bu münasibət müharibədən öncəki dövrdə çox fərqli idi.

Hal-hazırda qarşıda duran ən vacib məsələlərdən biri Azərbaycanla Ermənistan arasında qısa bir zaman ərzində sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. İmzalanacaq olan sülh müqaviləsi ölkələrarası əlaqələrin və qonşuluq münasibətlərinin inkişafına böyük imkan yaradacaq.

Azərbaycanın təklif etdiyi 5 böyük prinsipin Ermənistan tərəfindən qəbul edilməsini sülh istiqamətində atılan addımların başlanğıcı hesab etmək olar. Artıq bu müqavilədən sonra ölkələr bir-birinin işinə qarışmayacaq, ərazi bütövlüyünü tanıyacaqlar.

Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli dövlətdir. Bu ermənilərin də digər xalqlar kimi ölkəmizdə rahat yaşamasına və bütün imtiyazlardan sərbəst istifadə etməsinə imkan verir.

Artıq bu bir tarixi faktdır ki, ermənilər Qarabağa gəlmə xalqdır. Tarixən istər Qarabağda, istərsə də Azərbaycanın digər ərazilərində erməni adlı bir xalq olmayıb. Onlar 19-cu əsrdə İrandan və Şərqi Anadoludan kütləvi şəkildə torpaqlarımıza köçürülməyə başlayıb. 20-ci əsrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması bu acınacaqlı vəziyyəti daha da genişləndirib.

44 günlük müharibədə qazanılan Qələbə ilə ərazi bütövlüyümüzü bərpa edib, Böyük Qayıdış prosesinə start verdik. Ermənistan tərəfindən dağıdılmış, viran edilmiş, minalanmış şəhərlərimizdə, kəndlərimizdə artıq yenidənqurma işləri aparılır və tezliklə Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. İşğaldan azad edilmiş ərazilərdə dayanmadan yeni yollarının çəkilməsi, hava limanlarının inşa edilməsi, digər infrastruktur layihələrin icra edilməsi bu prosesi daha da sürətləndirəcək.

Azərbaycan gəncliyi Vətən müharibəsində rəşadətlə vuruşduğu kimi, indi də öz doğma torpaqlarımıza qayıtmaq üçün böyük həvəs göstərir. Çox qürurverici haldır ki, Qarabağı heç vaxt görməyən gənclərimiz o torpaqlar uğrunda müharibəyə getdilər, zəfər qazandılar.

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

Bənzər yazılar