Rusiya-Ukrayna müharibəsi birincinin bir sıra  beynəlxalq təşkilatlardan uzaqlaşdırılması və ya ona qarşı yaradılan şəraitə davam gətrirməyərək özünün bu təşkilatlarda fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi. Bu prosesin  təhsil sahəsini əhatə edən Boloniya sisteminə də şamil edilməsi haqqında artıq məsləhətləşmələr başlayıb. Rusiyada hələ bu vaxta qədər də  “Bakalavr – magistratura” təhsil sxemindən əl çəkmək haqqında danışırdılar. Amma bu danışıqlar müzakirələr səviyyəsində qalırdı. İndi isə  Elm və Ali Təhsil Naziri Valeri Falkovun bəyanatı və bu bəyanata Rusiya Dövlət Dumasının deputatlarının dəstəyi vəziyyətin ciddiliyindən xəbər verir. Bu dəfə hətta Rusiya Təhlükəsizlik Şurasının Katibi Sergey Patruşev də Boloniya sistemindən çıxmaq haqqında məsələ qaldırıb.

Boloniya prosesinin təməlində  Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirlərinin  1998-ci ildə imzaladıqları Sarbonna Bəyannaməsi dayanır. Bu bəyannamənin əsas prinsipi belədir: Avropa  baza təhsil mərhələsi-bakalvr – 3 ildən az olmayaraq müəyyən olunan təhsil kontinentinə çevrilir. Bu ixtisaslaşma  üçün Avropa səviyyəsində yetərli hesab edilir. Bakalavr  mərhələsinin  əsas xüsusiyyəti isə ondan ibarətdir ki, burada illər deyil əldə olunan kredit vahidləri (ECTS -Avropa transfer və bal toplama sistemi) əsas götürülür.

ECTS burada tələbənin təhsil yükünü müəyyənləşdirən ölçü vahididir. İlk mərhələ-bakalavr pilləsi 180-249 kredit vahidinə, magistr dərəcəsi 300-320 kredit vahidinə bərabər götürülür. Doktor dərəcəsi ilə birlikdə tam təhsil mərhələsi 7-8 il üçün nəzərdə tutulur.

Boloniya prosesinin əsası dövlətlər səviyyəsində 1999-cu ilin 19 iyununda 29 nazirin öz dövlətləri adından “ Boloniya Bəyannaməsini” imzalamaqla    qoyulub. Praqa konfransında bu prosesə qoşulan dövlətlərin sayı 33-ə çatıb. Rusiya 2003-cü ildə digər altı ölkə ilə birlikdə bu sistemə qoşulması haqqında müqaviləni imzalayır.

Rusiya Dövlət Dumasında Boloniya prosesində qalıb-qalmamaq haqqında məsələnin deputatların   müzakirəsinə  çıxarılması haqqında məlumatlar da daxil olmaqdadır.

Məlum olduğu kimi SSRİ –də sovet ali təhsil sistemi fəaliyyət göstərirdi və bu Qərbdə geniş tətbiq olunan  Boloniya ali təhsil sistemindən tamamilə fərqlənir. Mövcud fərqlərə  baxmayaraq SSRİ-də  hər il Asiya, Afrika, Latın Amerikası və hətta sosialist dövlətləri kimi  xarici ölkələr üçün milyonlarla yüksək ixtisaslı mütəxəssis hazırlanırdı. Xaricilərin SSRİ-də təhsilinə çox  ciddi yanaşırdılar və  bu proses  mərkəzləşdirilmiş qaydada digər Sovet Sosialist Respublikaları ilə birlikdə həyata keçirilirdi. Azərbaycan da o dövrdə əcnəbi tələbələrin hazırlığı mərkəzlərindən biri idi. Bakıda yerləşən ali məktəblərdə hər il xarici ölkələrdən on minlərlə əcnəbi vətəndaş təhsil alırdı.

Qərb təhsil sistemini özündə təcəssüm etdirən Boloniya sistemi  Rusiya və digər keçmiş sovet respublikalarında verilən ali məktəb diplomlarının Avropa ğlkələrində  rəqabətə davamlılığını qəbul etmirdilər. Məhz buna görə də bu ölkələr bir-birinin ardınca Baloniya sistemini öz ali təhsil siyasətləriinin prioritet istiqamətinə çevirdilər. Baxmayaraq ki, bu sistemin MDB ölkələrində tam tətbiqi ilə bağlı hələ də ciddi problemlər var.

Rusiya lap əvvəldən ali təhsildə Boloniya sisteminə keçmək üçün uzun müddət tərəddüd etmişdi. Lakin Avropa ölkələrindən gələn təzyiqlər qarşısında davam gətirməyərək mərhələli şəkildə bu prosesə qoşuldu.

İndi isə vəziyyət tamamilə fərqlidir. Vaxtında rusiyanın Boloniya prosesinə qoşulmağa məcbur edən Qərb ölkələri indi Rusiya ali məktəbləri ilə bütün münasibətləri kəsmək üçün məsələ qaldırırlar. Daha doğrusu,  Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı digər sahələrdə tətbiq etdiyi sanksiyaları ali təhsil sahəsinə də keçirir. Elə məhz buna görə də Rusiyada onalrın Boloniya sistemindən tezliklə çıxarılacaqlarını düşündüklərindən qarşılayıcı tədbirlər görürlər. Onlar özləri Avropa ölkələrini bu istiqamətdə atacaqları addımları gözləmədən bu sitemlə yollarını ayırırlar.

Rusiya Boloniya prosesi ilə əlaqəni kəsdikdən sonra onu ali təhsil sferasında  ciddi problemlər gözlədiyindən xəbərdardır. İlk növbədə  elm və təhsil sahəsində universitetlərarası beynəlxalq əlaqələrə ciddi ziyan dəyəcək, ali təhsil almaq üçün Rusiya universitetlərinə qəbul olan əcnəbi vətəndaşların sayı ciddi şəkildə azalacaq. Rusiya hər il əcnəbi tələbələrin təhsilindən əldə etdiyi orta hesabla 130-140 milyon dollar həcmində gəlirdən  məhrum olacaq.

Hətta Rusiyada öz vətəndaşlarının ali məktəblərə qəbul qaydalarında da dəyişikliklərin olacağı  proqnozlaşdırılır. Çünki Birdəfəlik Dövlət İmtahanı da Boloniya təhsil sisteminnə uyğun olaraq həyata keçirilirdi.

Daha ciddi problem MDB məkanında olan ölkələrin ali məktəbləri ilə əlaqələrin bundan sonra hansı formada davam etdirilməsində yaranacaq. Axı bu ölkələr də uzun müddətdir ki, ali təhsildə Baloniya sitemini tətbiq edirlər. Onların Rusiyanın ardınca bu sistemdən imtina edəcəyi  istisna olunur. Belə olan halda Rusiya universitetləri təkcə Avropa universitetləri ilə deyil, eyni zamanda  MDB ölkələrindən olan universitetlərlə də əlaqəni zəiflətmək məcburiyyətində qalacaq.

Rusiyanın Boloniya təhsil sitemində qalıb-qalmayacağı müzakirə olunduğu bir vaxtda prezident Vladimir Putin məsələ ilə bağlı öz münasibətini hələ bildirməyib. Təbii ki, son qərar bu münasibətdən asılı olacaq . Kreml rəhbəri isə  bu sahədə vəziyyəti ciddi şəkildə öyrənməklə məşğuldur və tələsik nəticə çıxarmaq istəmir.

Əlimusa İbrahimov.

Siyasi elmlər üzrə fəlsəfə doktoru.

Bənzər yazılar