Evinin önündə gördüyü ölü pişikləri yadından çıxara bilmirdi. Hər dəfə gözlərini yumduqca daha da şiddətlənirdi baş ağrıları. “Ölü pişiklər.., ölü pişiklər…” Sayıqlayırdı… Toxunmağa qorxurdu, ümid edirdi ki, sabah onları kimsə basdıracaq.

Səhər evdən tələsmədən, fikirli-fikirli çıxdı. Dalğın nəzərlərlə ətrafa göz gəzdirib əlini cibinə atdı. Açarları tapa bilmədi, görünür onları həmişəki kimi yadından çıxarıb evdə qoymuşdu. Lakin içəri girməzdən qabaq darvazanın qarşısına çıxmaq qərarına gəldi. Ümidi böyük idi, yazıq heyvanları kiminsə görüb basdırdığına inanırdı.

Gözlərində dərin dəhşətlə evə daxil oldu, qapını çırpıb qonaq otağına keçdi. Özünü illərin yorğunu kimi hiss edirdi, dərhal divana yıxıldı. Kənardan baxsanız elə bilərsiniz ki, matadorun önündə dayanmış qızğın öküzü görürsünüz. Əslində isə divanda çox gücsüz, çarəsiz bir insan uzanmışdı. Pişiklər yenə orada idilər, ölüb qaldıqları yerdə…

Gün boyu bir neçə dəfə çölə çıxıb geri qayıtmışdı, istədiyi tək bir şey var idi, nəhayət ki, kimsə onları görməli idi. Ona elə gəlməyə başlamışdı ki, sanki bu nəhayətsiz dünyada tək yaşayır, baş verən bütün fəlakətlərə görə tək o məsuliyyət daşıyır. Axşam dözə bilməyib bildiyi tək təcili yardım nömrəsini yığdı. Operator həlim səsli qız idi:

– Salam, şikayətiniz nə ilə bağlıdır?

-… – problemi necə izah eləmək lazım olduğunu bilmirdi.

– Yaxşısınız? Əgər təcili bir hal baş veribsə, dərhal ünvanı bildirin.

–  Bilirsiz… Mənim evimin önündə meyidlər var…

– Vətəndaş, vəziyyəti aydın izah edin, biz sizə kömək etməyə hazırıq. Özünüzü ələ alıb hər şeyi başdan danışın.

– Mən dünən evdən çıxanda qapımın ağzında üç pişik ölüsü gördüm, lakin onlara toxuna bilmirəm. Mənə kömək edin, mən burada başqa heç kimi tanımıram, bilmirəm, onları kim götürüb basdıracaq.

– Vətəndaş, siz yaxşısınız? Əgər psixoloji sarsıntı keçirmisinizsə, zəhmət olmasa həkim çağırın. Belə problemlərə görə dövlət qurumlarını məşğul etməyin, əks halda sizə ciddi xəbərdarlıq olunacaq.

-… – yenə nə demək lazım olduğunu bilmədi. Və qarşı tərəf dəstəyi asdı…

Əgər sizin evinizin önündə pişiklər ölübsə və onlar çürüməyə məhkumdurlarsa, edə biləcəyiniz heç nə yoxdur. Əgər pişiklər sağdılarsa, onları həyatda saxlamaq üçün nələrsə etmək olar. Qəhrəmanımızın da bəxti onda gətirməyib ki, pişikləri birbaşa ölü tapıb. İndi çarə yoxdur, onların çürüyüb torpağa qarışmalarını gözləmək lazımdır. Ölü pişiklər, bəlkə də, xəstəlik yaya bilərlər, bəlkə də, sadəcə insanlar kimi yoxa çıxıb gedəcəklər. Amma onları heç kimin basdırmaq istəməməsi bir faciədir. Hər gün evdən çıxanda yerdə cansız bədənləri görmək qədər qorxunc nə ola bilər? Bəlkə də, onları görmək istəməyən insanları müşahidə eləmək daha qorxunc olar, amma problem orasındadır ki, yer üzündə ayaqlarından istifadə edən tək insan bizim qəhrəmanımızdır. Digər insanlar ya evlərində, ya da işlərində gecə-gündüz oturub nə iləsə məşğul olurlar. Onların kimisə və ya nəyisə basdırmaq üçün belləri belə yoxdur, bu insanların qapılarını döysən heç bir cavab ala bilməyəcəksən. Bəli, dünyadakı ən qorxunc şey evinin önündə ölü pişiklər görmək deyil, dünyadakı ən qorxunc şey onları görməmək üçün evdən çıxa bilməməkdir…

Bənzər yazılar