Elm və Təhsil Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsi Zəngilan rayonundan başlayıb.

Bu barədə  Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, yay məktəbinin Zəngilan rayonunun Ağalı kəndində keçirilən birinci günündə 47 şagird iştirak edib, kodlaşdırma və robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarışlar və oyunlar təşkil olunub.

Təhsil avtobusu Zəngilan rayonunun Ağalı kəndindən sonra Laçın şəhərinə yola düşəcək. Layihənin məqsədi şagirdlərdə gələcək üçün yeni bacarıq və vərdişlər qazandırmaq, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və Heydər Əliyev irsini təbliğ etməkdir.

Layihə çərçivəsində işğaldan azad olunmuş bölgələrdə yenidən inşa edilən kəndlərə və ucqar kəndlərə marşrut üzrə (Zəngilan–Laçın–Neftçala–Göyçay–Qazax–Tərtər–Qax–Bakı) səfər olunacaq. Ümumilikdə isə 300-dən çox şagirdi əhatə edəcək.

Layihə bu il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi dəstəyi, “Asmart Creative Hub” yaradıcılıq mərkəzi, “Start IT” şirkəti, “Women in Tech Azerbaijan” “Kids Inc.” proqramı, Milli Debat Proqramı, “Azerbaijan Public Speaking Competition” proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Bu layihə artıq 6-cı dəfədir ki, hər il fərqli konsepsiya üzrə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləməsi məqsədilə həyata keçirilir. 2016-cı ildən etibarən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 rayonu və böyük şəhərlərini əhatə etməklə 22 ali və orta təhsil müəssisəsi, 62 şəhər məktəbi, 98 kənd-qəsəbə məktəbini təmsil edən 900-dən artıq şagird və tələbə cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 350 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

 

 

 

Bənzər yazılar