Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin I mərhələsi üzrə test imtahanları keçirilib.

ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır.

“bp Azərbaycan”, “Prestij-S” Tədris Mərkəzi və “İT Brains Academy” “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin sponsorlarıdır.

Müsabiqəyə qeydiyyatdan keçərək iştirak hüququ qazanan tələbələrdən 448 nəfərinin iştirak etdiyi I mərhələ üzrə test imtahanında iştirakçıların ümumi dünyagörüşü səviyyəsini yoxlayan suallar təqdim olunub. Sualların tərkibində dünya və Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, müasir trendlər, hüquq və iqtisadi həyat, elədə də ali təhsil və Pedaqoji Universitetlə bağlı mövzular yer alıb.

Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, layihə rəhbəri Cavid Hüseynov imtahanların gedişini izləyib, iştirakçıların təəssüratlarını dinləyiblər.

“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur.

Eyni zamanda, müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.

Müsabiqə, ümumilikdə, 4 mərhələdən ibarətdir.

Bənzər yazılar